PİRŞAĞI LAYİHƏSİ
PİRŞAĞI LAYİHƏSİ
Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən 2021-ci ildən etibarən Pirşağı qəsəbəsində genişmiqyaslı abadlıq işlərinə başlanılıb. Dörd il ərzində kommunikasiya işləri demək olar ki, yekunlaşıb. Rabitə xətləri yeraltı kabelləşmə sisteminə keçirilib.
Qəsəbədə 70 faiz dam örtükləri yenilənib, “şambo” tipli kanalizasiya ləğv edilərək, bütün qəsəbəni ümumi kanalizasiya sisteminə qoşan yeni xətlərlə əvəzlənib.
Abadlıq zamanı yerli sakinlərlə əməkdaşlığa xüsusi önəm verilir, onların rəy və təklifləri nəzərə alınır. Sakinlərin abadlıq işlərinə cəlb olunması ilə məşğulluğa dəstək qurumun əsas strategiyası olaraq qalır.
“Çiçəklənən Abşeron” layihəsi Pirşağıda da həyata keçirilir. Belə ki, sakinlər özəl həyətyanı sahələrdə onlara təqdim edilən bitkilərə qulluq müqabilində müəyyən zəhmət haqqı alırlar.
Şəhid ailələri və müharibə veteranlarının məişət şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir.
Pirşağı qəsəbəsindəki tarixi əhəmiyyətli abidələrin təmir bərpası mütəxəssislərin nəzarəti altında aparılır. XIX əsrə aid “Qum hamamı” restavrasiya olunur, qədim ziyarətgahlardan sayılan “Tataz piri” ətrafındakı qəsəbə qəbiristanlığı abadlaşdırılır, ərazi hər gün təmizlənir. XVI əsrə aid məscid artıq tam bərpa edilərək ibadətə açılıb.
Bakı Abadlıq Xidmətinin təşəbbüsü ilə Pirşağıda üzüm bağları salınıb. Layihənin əsas məqsədi bu bölgəyə məxsus, lakin unudulmaqda olan qədim üzüm sortlarını qorumaq və yenidən bərpa etməkdir.
Fasad işləri və piyada səkilərinin salınması başa çatdıqdan sonra növbəti mərhələdə yaşıllaşdırma işlərinə start veriləcək.





