Az

Ekoloji maariflənməyə dəstək

05 Dec, 2025 15:12

İki il əvvəl Laçında başlayan bu təşəbbüs artıq Bakıda da geniş şəkildə tətbiq olunmağa başlayıb. Bakı Abadlıq Xidmətinin “EkoSfera” Ekoloji-Sosial Mərkəzi ilə həyata keçirdiyi layihə zamanı məktəblərdə qida və üzvi tullantılarının təkrar emalı həyata keçiriləcək. Birgə əməkdaşlıq çərçivəsində ümumtəhsil müəssisələrində qida və üzvi tullantıların təkrar emalı üzrə yeni mərhələyə başlanılıb. Tərəfdaşlıq çərçivəsində proqramın iştirakçısı olan 100-ə yaxın ümumtəhsil müəssisəsinə 100 ədəd biohumus avadanlıqlarının paylanmasına start verilib. Layihənin ilk tədbiri Balaxanıda keçirilib. Dəvət olunan uşaqlara kompost, onun necə işləməsi barədə ətraflı məlumat verilib. İştirakçılar sözügedən aparatla əyani şəkildə tanış olublar. İnteraktiv oyuna qatılan məktəblilər öz əlləri ilə gübrə istehsal ediblər. Xatırladaq ki, orqanik tullantıların idarəolunması dünya üzrə gənclərin cəlb edildiyi prioritet layihədir. Azərbaycanda bu işin başlanması ölkəmizin də yaşıl dünyaya inteqrasiya etməsinin bariz nümunəsidir. Proses davamlı həyata keçirilsə məktəblər landşaft sahələri üçün ekoloji gübrə ilə tam təmin olunmuş olacaqlar.

“Çiçəklənən Abşeron” layihəsi

25 Nov, 2025 11:11

2020-ci ildə, pandemiya zamanı başlanan “Çiçəklənən Abşeron” layihəsinin əsas məqsədi ölkəmizdə uğurla icra olunan məşğulluq siyasətini dəstəkləmək, yerli əhalinin gəlir imkanlarını genişləndirmək və ailə təsərrüfatlarının inkişafına töhfə vermək olub. Bu məqsədlə abadlıq işləri aparılan kənd və qəsəbələrin sakinlərinə bitki tingləri təqdim olunur. Hər bir ailə ona ayrılmış aylıq vəsait müqabilində verilən bitkilərə qulluq edir. Tinglər 6-12 ay ərzində ailələrdən geri götürülür və yeniləri ilə əvəzlənir. KOBİA və “Bakı Abadlıq Xidməti”nin birgə təşəbbüsü ilə artıq 5 ildən çoxdur davam edən bu aksiya Pirşağı, Əmircan, Balaxanı, Ramana, Zirə, Maştağa və Novxanı, eləcə də Bakıdan kənar müxtəlif yaşayış məntəqələrində minlərlə ailəyə evdən çıxmadan işləyib qazanmaq imkanı yaradır. Layihə həm bitkiçilik və kənd təsərrüfatının inkişafına, həm də zəhmətkeş sakinlərin bu sahədə praktiki təcrübə qazanmasına şərait yaradıb.

Xarici təcrübə və beynəlxalq əməkdaşlıq

25 Nov, 2025 12:11

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda tikinti və abadlıq işlərinə cəlb olunan Bakı Abadlıq Xidməti Laçın şəhərində və Zerti Aqro-Sənaye Parkında yaratdığı müəssisələrdə çalışmaları üçün yerli sakinlərin yeni ixtisaslara yiyələnməsi və peşə bacarıqlarını artırması məqsədilə əməkdaşların müxtəlif layihələr çərçivəsində, müxtəlif ölkələrdə, xüsusən də Avropada təcrübə proqramlarında iştirakına dəstək göstərib. Abadlıq işləri aparılan ərazilərin yerli sakinlərindən ibarət əməkdaşlar təcrübədən qayıtdıqdan sonra müxtəlif müəssisələrdə çalışaraq əldə etdikləri bilik və bacarıqları praktikada tətbiq ediblər. Eyni zamanda, xarici ölkələrdən mütəxəssislər də Laçına və digər regionlara dəvət olunub. Onlar müəyyən müddət ərzində yerli mütəxəssislərlə birlikdə çalışaraq öz təcrübələrini bölüşüb və ümumi işin keyfiyyətinin artırılmasına töhfə veriblər.

Bakı kəndləri arasında uşaqlar üçün futbol və cüdo yarışları

25 Nov, 2025 16:11

Fəaliyyətə başladığı gündən Bakı Abadlıq Xidməti yalnız abadlıq işləri ilə deyil, həm də sosial layihələrə verdiyi dəstəklə fərqlənir. Qurumun əsas məqsədlərindən biri uşaqların, yeniyetmələrin fiziki və mənəvi inkişafına töhfə vermək, onların asudə vaxtını səmərəli təşkil etməkdir. Bu məqsədlə son illərdə paytaxt kənd və qəsəbələri arasında müxtəlif idman yarışları - futbol və cüdo birincilikləri təşkil olunub. 2022-ci ildə Bakı Abadlıq Xidmətinin, Gənclər və İdman Nazirliyinin və AFFA-nın birgə təşəbbüsü ilə Bakı kənd və qəsəbələri arasında uşaq futbol turniri keçirilib. Yarışın əsas məqsədi uşaq futbolunun inkişafı, idmanın kütləviliyinin artırılması və sağlam həyat tərzinin təbliği olub. Turnirdə 32 kənd və qəsəbəni təmsil edən 380-dən çox uşaq iştirak edib. Uşaq və yeniyetmələr arasında ikinci futbol turniri 2024-cü ildə baş tutub. Yarışlarda nəticədən asılı olmayaraq bütün iştirakçılara və məşqçilərə “İSMA Bikes Azərbaycan” şirkəti tərəfindən keyfiyyətli velosipedlər hədiyyə olunub. Bakı Abadlıq Xidmətinin dəstəyi ilə keçirilən digər mühüm idman tədbiri isə cüdo üzrə Bakı kəndləri birinciliyi olub. 2023 və 2024-cü illərdə təşkil olunan yarışlar Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası və Bakı Abadlıq Xidmətinin birgə əməkdaşlığı ilə gerçəkləşib. U-15 yaş kateqoriyasında keçirilən turnirlərdə Bakı kəndlərini təmsil edən 400-ə yaxın cüdoçu 20 çəki dərəcəsində mübarizə aparıb. Qaliblər medallar, mükafatlar və velosipedlərlə təltif olunublar.

Ramana İdman Mərkəzi

25 Nov, 2025 12:11

Bakı Abadlıq Xidmətinin sosial layihələrə dəstəyi təkcə yarışların təşkili ilə kifayətlənmir, qurum eyni zamanda idman infrastrukturlarının inkişafına da xüsusi diqqət yetirir. Ramana qəsəbəsində abadlıq işləri çərçivəsində sakinlərin həm sağlam həyat tərzi, həm də asudə vaxtlarını səmərəli keçirmələri üçün İdman Mərkəzi inşa olunub. Mərkəzdə qapalı idman zalı, minifutbol meydançası yaradılıb. Artıq bir neçə ildir ki, bu məkanda müxtəlif yarışların keçirilməsi təmin olunur.

Peşə İnkişaf Mərkəzi

25 Nov, 2025 12:11

“Bakı Abadlıq Xidməti” abadlaşdırdığı kəndlərdə, xüsusilə xanımların yeni peşələrə yiyələnməsini təmin etmək məqsədilə Peşə İnkişaf Mərkəzi yaradıb. “Sariban” adını daşıyan bu kursların əsas mərkəzi Balaxanıda yerləşir. Burada mərkəz eyni zamanda muzey, butik-satış məkanı və tədris sahəsi kimi fəaliyyət göstərir. Peşə İnkişaf Mərkəzinin Ramana və Xocalıda da filialları var. “Sariban”ın İçərişəhərdə açılan yeni filialı yalnız tədris mərkəzi deyil, həm də vaxtın səmərəli keçirilməsi üçün cəlbedici məkan funksiyasını daşıyır. Burada Azərbaycan sənəti və mədəniyyəti həm yerli, həm də xarici turistlərə təqdim olunur.