KƏLBƏCƏR LAYİHƏSİ
KƏLBƏCƏR LAYİHƏSİ
Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcər şəhərində inşa edilən ilk yaşayış kompleksini ziyarət etmiş, fərdi və çoxmənzilli yaşayış binalarında yaradılan şəraitlə tanış olmuş və burada məskunlaşan sakinlərlə görüşmüşlər. Doğma torpaqlarına 33 ildən sonra qayıdan kəlbəcərliləri təbrik edən Prezident, Kəlbəcərin hansı vəziyyətdə azad edildiyini xatırlatmışdır. Qeyd etmişdir ki, ərazini tərk edən ermənilər təkcə evləri deyil, hətta meşələri belə yandırmışlar.
“Onlar bu yerləri dağıtdılar, biz isə qurduq və yaratdıq”, – deyə Prezident Kəlbəcərin yeni simasından məmnunluğunu ifadə etmişdir.
Qeyd olunmalıdır ki, Kəlbəcər şəhərində tikinti və quruculuq işlərinin birinci mərhələsi artıq tamamlanmışdır. Kəlbəcər layihəsi Laçın layihəsindən tamamilə fərqlənir. Burada heç bir təmir və ya bərpa işi aparılmamışdır. Köhnə tikililərin bütün qalıqları sökülmüş və şəhər tamamilə sıfırdan inşa edilmişdir.
Kəlbəcərin baş planına uyğun olaraq 19,5 hektar ərazidə yenidənqurma işləri həyata keçirilmişdir. İsveçrəli memarlar tərəfindən hazırlanan baş plan iki mərhələdən ibarətdir. Birinci mərhələ uğurla başa çatdırılmış və 201 mənzil təhvil verilmişdir. Ümumilikdə 162 mənzildən ibarət 6 dördmərtəbəli, 3 bloklu yaşayış binası, eləcə də 39 ədəd iki mərtəbəli, 3 otaqlı “Townhouse” tipli fərdi ev sakinlərin istifadəsinə verilib. Artıq 20 ailə yeni mənzillərinə köçüb.
İkinci mərhələdə isə 323 mənzilin təhvil verilməsi nəzərdə tutulur. Bu mərhələdə 16 dördmərtəbəli yaşayış binası və 57 “Townhouse” tipli ev inşa ediləcək. Dördmərtəbəli binalarda yeraltı avtomobil dayanacaqları, həmçinin Almaniya istehsalı liftlər quraşdırılacaq. Beləliklə, layihə tam başa çatdıqdan sonra 524 ailə mənzillə təmin ediləcək.
Xatırladaq ki, Kəlbəcərdə genişmiqyaslı tikinti işlərinə 1 iyul 2023-cü il tarixində başlanılıb. Hazırda yaşayış massivinin ikinci mərhələsində dəmir-beton işləri davam etdirilir.
Qeyd edilməlidir ki, “Bakı Abadlıq Xidməti” tərəfindən icra olunan digər layihələrdə olduğu kimi, burada istifadə edilən xammal və tikinti materialları Avropa standartlarına tam cavab verir. Almaniya istehsalı olan pəncərə sistemlərinin dayanıqlılığı tam təmin edilmişdir. Ümumilikdə, Kəlbəcər layihəsi memarlıq baxımından özünəməxsus və unikal tikililərdən ibarətdir. İki mərtəbəli, Amerika üslubunda yaşayış evləri Azərbaycanda ilk dəfə olaraq məhz bu layihə çərçivəsində inşa edilir.
Onu da qeyd etmək lazımdır ki, ərazidə abadlıq və işıqlandırma işləri də “Bakı Abadlıq Xidməti” tərəfindən həyata keçirilir və proses hazırda davam edir. Bu isə o deməkdir ki, yaxın zamanda yüzlərlə insanın mənzil problemi həll olunacaq, kəlbəcərlilər doğma yurdlarına qayıdaraq öz torpaqlarının dirçəldilməsinə töhfə verəcəklər.






