Qarabağın yeni mədəniyyət zəfəri: Birinci Beynəlxalq Laçın Film Festivalı yekunlaşdı
Hər il 26 avqust Laçın şəhəri günü ərəfəsində maraqlı tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilib. Məşhur ulduzların iştirak etdiyi konsertlər, tək Laçını yox, bütün regionu əhatə edən yarmarkalar, rəsm sərgiləri, diplomatik korpus nümayəndələrinin səfərləri, görkəmli yazıçı və şairlərlə görüşlər kimi mədəni və sosial tədbirlər sayəsində bölgədə qaynar şəhər həyatı yaşanır. Builki şəhər günündə Birinci Beynəlxalq Laçın Film Festivalına (LIFF 2026) ev sahibliyi edən Laçın Qarabağda və Şərqi Zəngəzurda növbəti bir ilkə imza atdı. Avqustun 24-dən 27-dək baş tutan kino bayramı respublikanın mədəni həyatında mühüm hadisə kimi yadda qaldı.
Azərbaycanın işğaldan azad olunmuş bu dilbər guşəsində keçirilən festival beynəlxalq kino ictimaiyyətinin diqqətinə səbəb oldu. LIFF 2026-da iştirak üçün 47 ölkədən 300-ə yaxın film təqdim olunmuşdu. Seçim nəticəsində 38 ekran əsəri əsas proqrama daxil edildi. Onlardan 20-si xarici, 18-i isə Azərbaycan istehsalı olan filmlərdir. Dörd gün ərzində filmlərin nümayişi ilə yanaşı, kino sənayesinin müxtəlif istiqamətləri üzrə görüşlər, panel müzakirələri və digər tədbirlər təşkil olundu. Dünyanın müxtəlif ölkələrindən rejissorları, prodüserləri, aktyorları, kino mütəxəssislərini və sənətsevərləri bir araya gətirən festival əsl kino bayramına çevrildi.
Festivalın tərəfdaşları sırasında Azərbaycan Respublikası Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Qarabağ Dirçəliş Fondu, Azərbaycan Respublikası Kino Agentliyi, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti, Bakı Abadlıq Xidməti və “İsti Su” şirkəti yer aldı.
Bakı Abadlıq Xidməti tərəfindən müasir dünya standartlarına uyğun bərpa edilən “Lacinema” kinoteatrı festival günlərində müxtəlif ölkələrin ekran əsərlərinin nümayiş olunduğu və kino nümayəndələrinin görüşdüyü mədəni platformaya çevrildi. Qeyd edək ki, Laçının audiovizual potensialının inkişafında şəhərdə yaradılan “Hoçazfilm” Yaradıcılıq Studiyasının da xüsusi rolu var. “Lacinema” film nümayişi üçün müasir məkan formalaşdırdığı halda, “Hoçazfilm” film istehsalı və yaradıcı fəaliyyətlər üçün imkan yaradır. Bu layihələr Laçının gələcəkdə Qarabağın mühüm kino mərkəzlərindən birinə çevrilməsi istiqamətində möhkəm zəmin formalaşdırır.
Festival qonaqları “Hoçazfilm” kinostudiyasının xüsusi dekorlarla hazırlanmış kino pavilyonunu da ziyarət etdilər. “Hoçazfilm”in və festivalın direktoru Amil Amal Qarabağda film istehsalını stimullaşdırmaq məqsədilə yaradılan dəstək mexanizmləri barədə məlumat verərkən söylədi ki, həmin mexanizmlər müəyyən şərtlər çərçivəsində yerli və xarici prodüserlərin, rejissorların və kino şirkətlərinin Qarabağda film çəkməsinə imkan yaradır.
Festival proqramında kino sahəsində beynəlxalq əməkdaşlığa da geniş yer verildi. Kinorejissor Elçin Musaoğlu və Esenler Film Festivalının direktoru Suat Köçərin iştirakı ilə “Azərbaycan-Türkiyə: Birgə film istehsalı” mövzusunda panel müzakirəsi keçirildi. Görüşdə iki ölkə arasında kino əməkdaşlığının perspektivləri, birgə layihələrin imkanları və film istehsalında yeni əməkdaşlıq modelləri müzakirə olundu.
Proqramın beynəlxalq xarakterini nümayiş etdirən tədbirlərdən biri də Özbəkistan istehsalı olan “Əmir Teymur” filminin Laçında nümayişi idi.
Festival iştirakçıları Bakı Abadlıq Xidməti tərəfindən yaradılan “Gilabi” Yaradıcılıq Mərkəzində əslən Laçından olan məşhur rəssam Yusif Mirzənin sərgisini də ziyarət etdilər. Kinematoqrafçılar burada tətbiq olunan sənətkarlıq ənənələri və əl işlərinin hazırlanma prosesi ilə tanış oldular. Festivalın bağlanış mərasimində iştirakçılara təqdim edilən suvenirlərin hazırlanması da mərkəzdə nümayiş etdirildi.
Festivalın yekununda yerli və beynəlxalq müsabiqələr üzrə ümumilikdə 17 mükafatçı müəyyənləşdirildi.
“Ən yaxşı bədii film” nominasiyasında mükafatı rejissor İlkin Umarovun “Hasarlar arxasında” filmi qazandı. Elşad Ərşadoğlunun “İşığa doğru” filmi “Ən yaxşı sənədli film” nominasiyasının qalibi oldu.
Elvin Rüstəmzadə cəmiyyətin aktual problemlərinin kino dili ilə ifadəsinə görə xüsusi olaraq təltif edildi. Qaliblərə ümumilikdə 7 “Qızıl Palıd Budağı” mükafatı və xüsusi diplomlar təqdim olundu. Müsabiqə proqramına seçilən filmlərin iştirakçıları isə “Official Selection” sertifikatı ilə təltif edildilər.
Laçında Bakı Abadlıq Xidmətinin həyata keçirdiyi layihələr şəhərin mədəni və yaradıcı həyatının müxtəlif istiqamətlərini bir araya gətirir. “Lacinema” müasir kino nümayişi üçün imkan yaradır, “Hoçazfilm” film istehsalı və yaradıcılıq fəaliyyətlərini dəstəkləyir, “Gilabi” Yaradıcılıq Mərkəzi isə sənətkarlıq ənənələrinin yaşadılmasına xidmət edir.
Birinci Laçın Beynəlxalq Film Festivalının bu məkanlardan istifadə etməsi şəhərdə yaradılan infrastrukturun beynəlxalq səviyyəli mədəni tədbirlərə ev sahibliyi etmək imkanlarını nümayiş etdirdi. Festivalın miqyası, iştirakçı coğrafiyası və təqdim olunan ekran əsərlərinin müxtəlifliyi bir daha sübut etdi ki, Laçın gələcəkdə regionun mühüm kino və mədəniyyət mərkəzlərindən birinə çevriləcək. Bunun üçün hər cür imkan, gözəl coğrafi şərait, müasir infrastruktur və geniş potensial var.

