Bir vaxtlar neft gölməçələri və geniş zibil poliqonunun yerləşdiyi Balaxanı hazırda simasını dəyişərək daha çox turistik bir məkan olmaqdadır. Dövlət başçısının tapşırığı ilə burada yeni işlər görülür. Qəsəbənin yolları yenilənir, küçələr abadlaşdırılır, su-kanalizasiya sistemi yenilənir. Bir vaxtlar Böyük İpək Yolu üzərində yerləşən Balaxanı qəsəbəsinin ötən əsrin əvvəllərindəki şöhrətinin qaytarılması istiqamətində işlər gedir. Balaxanı qəsəbəsində görülən işlər 2019-cu ilin sentyabr ayından start götürüb. Kanalizasiya xətləri dəyişdirilib, rabitə və işıq xətləri yerin altına köçürülüb. Küçələr abadlaşdırılıb, fərdi yaşayış evlərinin fasadları restavrasiya olunub, yeni yollar əsaslı təmir edilib.
Qəsəbənin üç tarixi küçəsi var ki, orada qədimilik qorunub: yerə daşlar döşənib, evlərin divarlarının tarixi görkəmi saxlanılıb.
Qəsəbədə 1636-cı ilə aid Səfəvi şahı Səfinin əmri ilə inşa edilən Karvansaray və onun yaxınlığında yerləşən Qum hamamının da bərpası aparılır. Rəsmi məlumatlarda 15-16-cı əsrə aid olduğu qeyd edilən Qum hamamı həqiqətən də qumun altında qalıb, onillərlə heç kimin diqqətini çəkməyib. Hazırda torpaq qatı təmizlənib, abidənin bərpası üçün kompleks işlər görülməkdədir.