Nizami bağı XX əsrin 30-cu illərinin əvvəllərində salınıb, ХII əsrin dahi şairinə heykəl isə 1949-cu ildə qoyulub. Bağın ərazisi böyük deyil, cəmi 0,5 ha. Lakin şəhərin mərkəzində yerləşdiyindən bura həmişə qələbəlikdir. Bakı Abadlıq Xidmətinin işçiləri parkdakı bitkilərə qulluq edir, səliqəliliyə və təmizliyə nəzarət edirlər.
Bağın salınması dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyinə həsr olunmuşdu. Rekonstruksiya aparılacaq ərazidə birmərtəbəli binalar, karvansaralar və pərakəndə mağazalar var idi. Onların sökülməsi şəhərin bu hissəsində özündə yaxşı planlaşdırılmış bir bağ, şairin möhtəşəm abidəsi, Nizami Muzeyi, Monolit yaşayış evi, İsmailiyə binası və Nəşriyyat evini birləşdirən ifadəli memarlıq ansamblının yaradılmasına gətirib çıxartdı.
Nizaminin heykəli bağın yuxarısında (müəllifi Azərbaycanın xalq rəssamı Fuad Əbdürəhmanov, memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşov) terrasşəkilli mürəkkəb relyefli düzbucaqlı ərazidə (10 m-ə qədər yamacda) quraşdırılıb. Heykəl şərqə baxır və abidə yüksək pyedestalı sayəsində müxtəlif tərəflərdən yaxşı görünür. Bağın həcm və məkan həlli, onun yaşıllığı və kiçik formaları burada landşaft memarlığının harmonikliyindən bəhs etməyə imkan verir. Bağda əkilən ağac və kol bitkiləri uğurla seçilib.
80-ci illərin sonlarında Bakının mərkəzinin yenidən qurulması səbəbindən meydanın ətrafı bir qədər dəyişikliyə məruz qaldı. Meydanın şimal hissəsi geniş bir pilləkənlə əhatələndi, şərqdən isə onu terraslı şəlalə tamamladı. Suyun şırıltısı sanki Nizaminin məşhur əsərlərinin melodikliyi və bədiiliyini əks etdirir. Şərq bağlarında qədimdən qarşılaşan bu texnika cənub şəhərinin şəraitinə və xalq memarlığının ənənələrinə tam cavab verir.
Parkın sahəsi:
5 050 m²
Qazon sahəsi:
1 200 m²
Ağacların sayı:
100
Kolluqların sayı:
29
Skamyaların sayı:
18
Zibil qablarının sayı:
20
İşıq dirəklərinin sayı:
33
Fəvvarələrin sayı:
12