Qədimdən bakılıların sevimli istirahət məkanı olan Xaqani bağı bir çox özəllikləri ilə seçilir və hazırda da ilin 12 ayı burada qələbəlik olur. Bakıya gələn molokanların bu ərazidə məskunlaşması və Molokan qəsəbəsinin əsasını qoymaları buranın Molokan adlandırılmasına səbəb oldu. Sonralar qəsəbə köçürülsə də, buradakı skverin adı uzun illər yaddaşlara həkk olundu.
XIX əsrdə indiki Xaqani bağının yerində müxtəlif qəzalardan mal gətirən molokanların qaldığı karvansaraylar var idi. Yaxınlıqdakı küçələr, döngələr, məhəllələr çəlləkçi emalatxanaları ilə dolu idi. Tacirlərə görə şəhərin bu hissəsi üfunətli, dizəcən qalxan su və palçıqlı, hər cür xəstəlik və epidemiyanın mənbəyi olan yerə çevrildi. Bu halı necəsə düzəltmək və ekoloji vəziyyətini yaxşılaşdırmaq məqsədilə XIX əsrin 70-ci illərində şəhər rəhbərliyi həmin yerdə bağ salmaq qərarına gəldi. Varlı məhəllələrlə əhatələnmiş və ticarət mağazalarından “təmizlənmiş” skver sahibkarların diqqətini çəkirdi. Molokan qəsəbəsinin yerində tədricən indiyədək qalan hündür binalar ucaldıldı, Molokan bağı isə abadlaşdırıldı və bakılıların sevimli istirahət məkanına çevrildi. Burada müxtəlif ağaclar əkildi, varlı molokan Koşeyev öz hesabına bağa su çəkdirdi və Bakı şəhərində ilk fontanı tikdirdi. 1880-ci illərin ikimərtəbəli tikililəri tədricən üç-dördmərtəbəli yaşayış evləri ilə əvəzləndi və küçə özünün indiki vəziyyətini aldı. Maraqlıdır ki, Xaqani paytaxtın ən az dəyişikliyə və yenidən planlaşdırılmaya məruz qalan küçələrindən biridir – binaların və yaşayış evlərinin bir çoxu sovet quruluşundan əvvəlki dövrə aiddir.
Ərazisinin kiçikliyinə və sadə arxitektur kompozisiyasının olmasına baxmayaraq bu skver Bakının landşaft arxitekturasının inkişaf tarixində əhəmiyyətli yer tutdu. Həm skverin yaradılması, həm də layihəsinin hazırlanması zamanı bir çox çətinliklər üzə çıxdı. İlk növbədə, problemlər su təminatının yaxşı olmaması ilə əlaqədar olaraq yaranırdı. Həmçinin, bağ şəhər bağbanı, şəhər idarəsi və duması üzvlərinin diqqətindən kənar qalmışdı. Bu haqda “Kaspi” qəzetində yazılırdı: “Bakı yaşıllığın çox olması ilə fəxr edə bilməz, bu səbəbdən də bağa laqeyd münasibət... cinayətdir”. Yalnız 90-cı illərin sonlarında digər bağlarla yanaşı burada da yeni ağacların əkilməsi həyata keçirildi. İşlər skverin planlaşdırılan quruluşuna uyğun görülürdü. Planın kompozisiyası kəsişmə mərkəzində fəvvarəli hovuz olan diaqonal yerləşdirilmiş xiyabanlar əsasında hazırlanırdı. Bundan əlavə ağac cərgələri kvadrat formada olan skverin perimetri boyunca düzülürdü.
Müharibədən sonrakı dövrdə “9 yanvar” adlanan Xaqani bağında iki dəfə yenidənqurma işləri aparıldı. Bağın memarlıq-landşaft kompozisiyasının əsasını əyrixətli formalı hovuz təşkil etdi. Hovuzun mərkəzindəkı incəsənət nümunəsi olan “Üç gözəl” heykəllər qrupu öz orginallığı ilə daim seçilir. Belə hesab edilir ki, pyedestalı təbii daşlardan olan “Üç gözəl” kompozisiyası 3 ünsürün – günəş, hava və suyun təcəssümüdür. Bağ sonuncu dəfə 2009-cu ildə əsaslı şəkildə rekontruksiya olunub, yeni bitkilər əkilib, uşaq attraksionları qurulub. Buna baxmayaraq o vaxtdan bu yana hər il burada yenidənqurma işləri aparılır, ot örtüyü yenilənir.
Xaqani bağına xalq arasında hələ də “Molokan bağı” və ya sadəcə “Molokanka” deyilir. Halbuki, bu bağ adını bir neçə dəfə dəyişib. Əvvəllər bağın ilk rəsmi adı çar II Aleksandrın arvadı Mariyanın adını daşıyırdı və Marinski skver adlanırdı. Sovet hakimiyyəti dövründə isə “9 yanvar” adlandırıldı. Bəzi mənbələrdə hətta bağa Həşim Əliyevin adının verildiyi də qeyd edilib.
Bağın ən qədim sakinləri 4 ədəd tikanlı akasiyadır. Onların təxminən 60-70 yaşı olar. Rekonstruksiyadan əvvəl bağda sərv, at şabalıdı, cökə, xan çinarı, paxlalı akasiya və s. ağaclar olub. Liqustrumun kol və ağac formaları, eldar şamı, kiçik sərv ağacları, xurma palması (phoenix), yukka, azaliya, vaşinqton palmaları, iki cür (ağ və çəhrayı çiçəkli) maqnoliya, pittosprum nano, şümşad (buxus) bitkiləri isə 2009-cu ildəki rekonstruksiya zamanı əkilib. Mövsümi güllərdən isə bağa novruzçiçəyi (primula), bənövşə (viola), siklamen və s. əkilir. Ot örtüyünə gəlincə bağın yarısı Niderland, digər yarısı isə Kanada sortu olan qazonla örtülüb. Raqub Əhmədovun bildirdiyinə görə bağda ən problemli məsələ öt örtüyü ilə bağlıdır. Belə ki, atraksionların ətrafındakı qazon örtüyü mütəmadi olaraq ayaqlandığından ildə 2 dəfə onları yeniləmək lazım gəlir: "Buna baxmayaraq, şəhər əhalisinin gözəl istirahət etməsi üçün heç bir qadağa qoymamışıq. Ona görə də qazon örtüyü tez xarab olur. Amma bağa istirahətə gələn sakinlər də bunu anlamalı və mümkün qədər bağın qeydinə qalmalıdırlar". Bağda meyvə verən ağaclardan isə yapon əzgili (eriobotrya japonica) və Qırmızı tubulqa (Pyracantha coccinea) var.
Parkın sahəsi:
8 550 m²
Qazon sahəsi:
4 510 m²
Ağacların sayı:
216
Kolluqların sayı:
373
Fəvvarələrin sayı:
1
Gül dibçəklərinin sayı:
10
Skamyaların sayı:
53
Zibil qablarının sayı:
26
İşıq dirəklərinin sayı:
51