Hazırda Bakıda gəzintiyə çıxan bir çox insanın baş çəkdiyi məkanlardan biri – “Fəvvarələr meydanı” uzun illər müxtəlif təyinatlarla istifadə olunub. XIX əsrdə salınan bağa bəzən uşaqların, bəzən qadınların girişinə icazə verilmirdi. Bakılılar isə buranı “Quru bağ” adlandırırdılar. Bütün bunların hamısının maraqlı tarixçəsi var. Əvvəllər bu ərazi o qədər boş, viranə yer olub ki, hətta insanlarda vahimə də yaradıb. Bir vaxtlar İçərişəhər sakinləri uşaqlarını Qoşa qala qapısından çölə burxmır, onlara deyərdilər ki, meydan tərəfə getməyin, qurd-quş rast gələr. Köhnə bakılılar, bəzi yeni nəslin nümayəndələri də “Fəvvarələr” meydanından danışarkən buranı “Parapet” adlandırırlar. Bu söz fransızcadan tərcümədə “çəpər” deməkdir. Skverin memarlıq-landşaft kompozisiyasının əsasını fəvvarələr təşkil edir. Məhz fontan sayının çoxluğuna görə bura Fəvvarələr meydanı adlanmağa başladı.
2010-cu ildə Bakının ən gözəl istirahət məkanlarından biri - Fəvvarələr meydanı əsaslı bərpa və yenidənqurma işləri görüldü. XIX və XX əsrlər Azərbaycan memarlıq incilərinin yerləşdiyi məkanlardan biri kimi diqqəti cəlb edən Fəvvarələr meydanı artıq əsaslı bərpa və yenidənqurma işlərindən sonra daha gözəl və daha orijinal formada paytaxt sakinlərinin istifadəsinə verildi. Uzun illər bu istirahət məkanı bir çox dövrlərdə baxımsızlıqdan əziyyət çəkmişdi. Zəngin bitki örtüyünə malik olan bu bağda illərin baxımsızlığı öz izini qoymuşdu. Yenidənqurma işləri zamanı əsas diqqət ərazinin təkrarolunmaz koloritinin qorunub saxlanılmasına yönəldilmişdi. Meydandakı fəvvarə, pavilyon və köşklər yenidən qurulmuş, bitki örtüyü olduğu kimi qorunub saxlanılmış, yenidənqurma nəticəsində yaşıllıq zolağının sahəsi artırılmışdı.
Bildirilir ki, Fəvvarələr meydanı salınandan sonra ilk dəfədir burada bu miqyasda abadlıq və yenidənqurma işləri aparılmışdı. Yüksək keyfiyyətlə aparılmış yenidənqurma prosesində Bakının tarixi, onun keçmişi ilə sıx bağlı olan bu ərazinin bədii tərtibatına xüsusi diqqət yetirilmişdi. Ümumi struktur saxlanılmış, bununla belə, yeni planlaşdırma işləri aparılmışdı. Burada gözəlliyi ilə diqqəti çəkən yeni fəvvarə tikilmişdi. Onun arxasındakı memarlıq kompozisiyası isə həm dizaynına, həm də koloritinə görə köhnə Bakı elementlərini özündə cəmləşdirməsi ilə diqqəti çəkir.
Parkın sahəsi:
44 315 m²
Qazon sahəsi:
8 700 m²
Ağacların sayı:
663
Kolluqların sayı:
949
Fəvvarələrin sayı:
6
Gül dibçəklərinin sayı:
153
Skamyaların sayı:
257
Zibil qablarının sayı:
170
İşıq dirəklərinin sayı:
164