Güllər parkı Bakının ən gözəl parklarından biridir. Ərazisinin kiçik olmasına baxmayaraq şəhərin mərkəzində yerləşməsi və möhtəşəm ab-havası ilə bura gələnlərin zövqünü oxşayır. Park Sovet hakimiyyəti illərində salınıb və müxtəlif vaxtlarda Zevin, M.Ə. Rəsulzadə kimi fərqli adları olub. Güllər parkı hazırda Ə. Əliyev və M.Ə.Rəsulzadə küçələrinin Neftçilər prsopekti ilə kəsişməsində yerləşir. Dənizkənarı Milli Parka çıxışda keçid rolunu oynayan Güllər parkı Bakının ən məşhur restoran, kafe, mağaza, alış-veriş və əyləncə mərkəzlərinin yaxınlığında olduğundan günün erkən saatlarından gecəyədək burada istirahət edənlərə rast gəlmək olar. Parkın ərazisi 0,4 ha-dır. Şərqdən M.Ə. Rəsulzadə, qərbdən Ə. Əliyev küçələri, cənubdan isə Neftçilər prospekti ilə əhatələnir.
Parkın bitki örtüyü də özünəməxsusdur. Buranın ən qədim “sakin”ləri çinar və zeytun ağaclarıdır. Bundan başqa parkda cırtdan küknar, himalay sidri, xurma palması (phoenix), akasiya və s. ağaclar var. Parkda fotiniya, ardıc, şümşad, ərsin, pittosporum, ionimus, maqnoliya, yapon ağcaqayını, adi sərv, pirkal, liqustrum, leylandi sərvi, Şərq tuyası, azaliya, qaraçöhrə (taxus), leqistramina və digər bitkilər var. Bu kiçik sahədə dekorativ alça, nar, əzgil, limon kimi meyvə ağacları da əkilib.
Park hazırkı gözəlliyini Bakı Abadlıq Xidmətinin işçilərinə borcludur. Hər gün səhər saatlarından parkın skamyaları silinir, ərazi xüsusi texnika ilə yuyulur, maşının daxil ola bilmədiyi yerlər isə süpürülür. Bundan sonra qazon sahələrindəki, bitkilərin arasındakı yarpaqlar və bitki qalıqları təmizlənir. Saat 10-dan sonra isə bitkilərin suvarılmasına başlanılır. Hazırda suvarma hər gün axşam saatlarında həyata keçirilir, amma mövsümdən asılı olaraq bu vaxt və interval dəyişə bilir. Daha sonra fontana qulluq başlayır. Ehtiyac yaranarsa, bitkilərdə formavermə məqsədi ilə budama aparılır. Ərazidəki qazon həftədə bir dəfə biçilir. Bundan başqa parka döşənən daş plitələr qırıldıqda, müxtəlif ölçülü işıq dirəklərində nasazlıq yarandıqda parkın xüsusi briqadası tərəfindən təmir edilir.
Parkın sahəsi:
4 400 m²
Qazon sahəsi:
2 700 m²
Ağacların sayı:
442
Kolluqların sayı:
1 161
Skamyaların sayı:
14
Zibil qablarının sayı:
10
İşıq dirəklərinin sayı:
72
Fəvvarələrin sayı:
1